Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Donald Trampla nəzərdə tutulan yüksək səviyyəli görüş yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir edə biləcək möhtəşəm hadisə kimi qiymətləndirilməlidir. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Prezident İlham Əliyevin ABŞ səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu səfər Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasətinin daha bir bariz nümunəsidir:
“Azərbaycan və ABŞ arasında diplomatik əlaqələr zaman-zaman müxtəlif səviyyələrdə inkişaf etsə də, tərəflər enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional sabitlik kimi önəmli sahələrdə əməkdaşlığı gücləndirərək strateji tərəfdaşlığa doğru irəliləyişlər əldə ediblər. Prezident İlham Əliyevin bu səfəri İkinci Qarabağ müharibəsindən sonra baş verir ki, bu da Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda yeni reallıqları formalaşdıran güclü aktor kimi dialoqa qatılması deməkdir. Bu baxımdan Vaşinqton üçün Azərbaycanla əməkdaşlığın yalnız enerji və iqtisadi sahələrdə deyil, həm də regional təhlükəsizlik və sabitlik məsələlərində bərabərhüquqlu və fəal xarakter alması strateji əhəmiyyət daşıyır”.
Millət vəkili onu da qeyd edib ki, Prezidentin ABŞ-a səfəri həmçinin Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələsində Azərbaycanın əsas mövqeyini möhkəmləndirəcək.
“2020-ci ildən sonra yaranmış yeni vəziyyət Ermənistanla sülh prosesinin Azərbaycanın qoyduğu şərtlər əsasında davam etdirilməsini qaçılmaz edir. Vaşinqtonun bu prosesdə vasitəçilik rolu uzun müddətdir mövcud olsa da, bu dəfə danışıqlar masasında tam ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü Azərbaycan tərəfi oturur. ABŞ və Azərbaycan münasibətlərinin kontekstində bu sülh təşəbbüslərinə veriləcək siyasi dəstək, eyni zamanda, Ermənistan daxilində revanşist qüvvələrə ciddi xəbərdarlıq mesajı olacaq.
Eyni zamanda, bu səfər Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin ABŞ ilə əlaqələr istiqamətində möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın qlobal güclər arasında milli maraqlara söykənən balanslı siyasəti ölkəmizə beynəlxalq arenada özünəməxsus mövqe qazandırıb və sübut edir ki, Azərbaycan heç bir güc mərkəzinin təsir dairəsində qalmadan, müstəqil və strateji qərarlar qəbul edən suveren dövlətdir”,- deyə E.Akimova vurğulayıb.
Daha sonra 907-ci düzəlişə də toxunan E.Akimova deyib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə bu düzəlişə dair daimi sanksiyalar tətbiq olunub: “Bu düzəlişə əsasən, ABŞ dövlət büdcəsindən Azərbaycana birbaşa yardımın verilməsi Ermənistanın Dağlıq Qarabağ bölgəsindəki hərbi fəaliyyətlərinə görə məhdudlaşdırılırdı. Prezident Trampın dövründə bu məsələyə yanaşma sərtləşdirilərək Azərbaycanın təhlükəsizliyinə və regional stabilliyə dəstək mövqeyi daha da möhkəmləndirildi. Bu isə iki ölkə arasındakı strateji əməkdaşlığın dərinləşməsində önəmli faktorlardan biri oldu.
Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərdə mövcud olan müsbət dinamikanın davamlı olduğunu bir daha göstərir. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsi və yeni əməkdaşlıq formatlarının qurulması üçün mühüm zəmin yaradacaq”.