İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

8 Avqust 2025 13:11 (UTC+04:00)

Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər "İstanbul Genetics Klinika" MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.