"Vaşinqton danışıqları yeni mərhələnin başlanğıcı ola bilər" - ŞƏRH EDİLDİ

8 Avqust 2025 12:40 (UTC+04:00)

"Bu gün Vaşinqtonda baş verəcək görüşün çox ciddi tarixi və siyasi əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dünyanın aparıcı dövlətlərindən birinin rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh mühitinin yaranması üçün öz vasitəçiliyini təklif edib: "Yayılan qeyri-rəsmi məlumatlara görə, ciddi sənədlərin imzalanması gözlənilir. Bu, Cənubi Qafqazda çoxdan gözlənilən sülhü və stabilliyi təmin edə biləcəkdir. Eyni zamanda, Azərbaycana qarşı 1992-ci ildə ədalətsiz şəkildə tətbiq edilmiş bədnam 907-ci düzəlişin ləğv edilməsi də gözlənilir. Əvvəlki administrasiyanın dövründə bu düzəliş Azərbaycana qarşı maksimum şəkildə istifadə olunurdu. Yeni Administrasiya isə Azərbaycanla yaxşı münasibətlərin qurulmasının vacib olduğunu həm bəyanatlarında, həm də praktik əməllərində göstərir. Həmçinin, ABŞ və Azərbaycan Prezidentlərinin görüşündə Cənubi Qafqazda sülhün təmin edilməsi ilə yanaşı, ABŞ-Azərbaycan münasibətləri barəsində də geniş fikir mübadiləsinin aparılması gözləniləndir. Bu, birgə layihələr, beynəlxalq birlikdə əməkdaşlıq, mövqelərin üst-üstə düşdüyü sahələrin daha da möhkəmlənməsi və genişlənməsi baxımından əhəmiyyətlidir.

Ümumilikdə götürdükdə, Cənubi Qafqaz sülhə hazırdır və əgər Ermənistan tərəfdən hər hansı gözlənilməz addımlar atılmasa, artıq sülhü təmin etmək mümkün olacaq".