"Azərbaycanın elmi və ictimai həyatında elə şəxsiyyətlər var ki, onların həyat yolu bir xalqın taleyinə çevrilir. Onlar yalnız yaşadıqları dövr üçün deyil, gələcək nəsillər üçün də mayak olur, yol göstərir, ruhları yüksəldir. Bu mənada akademik Zərifə xanım Əliyevanın ömür yolu Azərbaycan səhiyyəsinin, elminin və dövlətçiliyinin əbədi yaddaşına həkk olunmuş zirvədir". Bu sözləri SİA-ya açıqlamasında Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, Zərifə xanım təkcə görkəmli bir oftalmoloq-alim deyildi. O, həm də Azərbaycan qadınının mənəviyyatını, intellektini, ictimai məsuliyyətini və böyüklüyünü öz varlığında birləşdirən nadir simalardan idi. Onun tibb sahəsində apardığı fundamental elmi araşdırmalar, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin etiologiyası və profilaktikasına dair tədqiqatları bu gün də aktuallığını qoruyur və bir çox beynəlxalq elmi işlər üçün əsas metodoloji baza rolunu oynayır: "Amma Zərifə xanımın ömrünün əsl böyüklüyü təkcə tibb elminə verdiyi əvəzsiz töhfələrlə məhdudlaşmır. Onun həyat yolu Azərbaycan dövlətçiliyinin ən çətin və taleyüklü dövrlərində ailə, cəmiyyət və Vətən qarşısında daşıdığı misilsiz mənəvi məsuliyyətdə öz parlaq ifadəsini tapır.
Zərifə xanım həm də müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı, sadiq ömür-gün yoldaşı və etibarlı sirdaşı olmuşdur. O, bu çətin və məsuliyyətli missiyanı yalnız ailə çərçivəsində deyil, bütöv bir xalq qarşısında da böyük ləyaqətlə və fədakarlıqla yerinə yetirmişdir.
Bugünkü Azərbaycanın qürur mənbəyi, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış Zəfərin memarı, Ali Baş Komandan İlham Əliyev kimi müdrik və qətiyyətli bir milli liderin formalaşmasında Zərifə xanımın ana obrazı, şəfqəti, mənəvi əxlaqı və yüksək zəkası silinməz iz qoymuşdur. Böyük şəxsiyyətlər yalnız yaratdıqları ilə deyil, yetişdirdikləri ilə də dəyərləndirilirlər. Bu baxımdan Zərifə xanım bir görkəmli liderin anası olmaqla da öz adı ilə tarixə yazılmışdır.
Zərifə xanım Əliyeva Azərbaycan qadını üçün nümunə, həkimlər üçün elmi və peşəkar meyar, ziyalılar üçün mənəvi kamillik rəmzi, siyasət adamları üçün isə səssiz fədakarlığın və təmkinli xidmətin örnəyidir. Onun həyat yolu sübut etdi ki, elmə bağlılıq, ailəyə sədaqət və Vətənə məhəbbət bir insanın şəxsiyyətində necə mükəmməl vəhdət təşkil edə bilər.
Bu gün, Beynəlxalq Oftalmoloq Günündə Zərifə xanımın adını hörmətlə anmaq yalnız bir alimə ehtiram deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinə, səhiyyəsinə və ailə institutuna verilmiş ən yüksək qiymətdir. Onun ömrü işıq idi — hər açılan göz üçün, hər xilas olunan həyat üçün, hər yetişən insan üçün… O işıq bu gün də sönmədən biz həkimlərin yol göstəricisi olaraq qalır və bizi insanlığın qorunmasına səsləyir".