"Son 2–3 il ərzində Azərbaycan ərazisində yağıntıların miqdarı xeyli artıb". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, ən quraq zonalarımızda, hətta Naxçıvanda belə əvvəlki illərlə müqayisədə yağıntıların miqdarı 50–60 faizdən çox artıb. Buna baxmayaraq, su problemi hələ də aktualdır. Problemin əsas səbəblərindən biri ondan ibarətdir ki, ölkə ərazisində daxili miqrasiya düzgün tənzimlənməyib: "Xüsusilə Bakıya olan güclü axın nəticəsində, əvvəllər təxminən 1–2 milyon nəfər üçün nəzərdə tutulmuş şəhər infrastrukturu artıq əhalisinin iki dəfə artmasına uyğun şəkildə su ilə təminatı qarşılayacaq səviyyədə deyil. Şəhərə axının yaratdığı digər çətinliklərlə yanaşı, bu da ciddi nöqsanlardan biridir.
Digər və ən vacib səbəblərdən biri isə ondadır ki, biz Azərbaycan ərazisinə düşən yağıntılardan yaranan yerüstü su ehtiyatlarından yetərincə istifadə edə bilmirik. Məsələnin kökü Sovet dövrünə qədər gedib çıxır. Həmin dövrdə bir sıra rayonlarda yerüstü su ehtiyatlarının səmərəli istifadəsi üçün layihələr mövcud idi. Bu layihələrin əsas məqsədi yağıntılı dövrlərdə səth sularının toplanması və gələcəkdə, xüsusilə quraqlıq vaxtlarında, bitkilərin suya tələbatının artdığı zamanda onlardan istifadə edilməsi idi.
Təəssüf ki, bu gün yağıntıların böyük əksəriyyəti sel şəklində axıb gedir və bu suların toplanması və istifadəsi mümkün olmur. Hazırda Ağsu çayı üzərində həcmi 28,5 milyon kubmetr olan su anbarının tikintisi nəzərdə tutulur. Bu məqsədlə sənədlər, razılaşmalar və layihələr hazırlanıb. Yağıntılı dövrdə, xüsusilə qış və yazın sonu, yay aylarının əvvəlində yaranan səth sularını toplamaq və onlardan quraqlıq zamanı istifadə etmək planlaşdırılır. Ağsu çayı ilə bağlı sənədlərə əsasən, bu layihə təxminən 9 min hektara qədər ərazinin suvarılmasına imkan verəcək. Bu həcmdə su hövzəsi kifayət qədər böyük bir sahəni quraqlıqdan qoruya bilər.
Bundan başqa, 1967-ci ildə tikilmiş Cavanşir su anbarının da yenidən istifadəyə verilməsi nəzərdə tutulur. Təxminən 4,6 milyon kubmetr tutumu olan bu anbarın hazırda lilənmə səbəbindən su tutumu azalıb. Təmizləmə işlərindən sonra ilkin tutumuna çatdırılması planlaşdırılır. Bu anbar həm balıqçılıq, həm də ətraf ərazilərin suvarılması və əhalinin ehtiyaclarının ödənilməsi üçün istifadə oluna bilər.
Cari ilin iyul ayı nisbətən quraqlıq keçdiyindən, güclü yağışlar olmadı və nəticədə bir sıra problemlər yarandı. Vaxtilə bu cür su hövzələrinin bəziləri yerli icra hakimiyyətləri tərəfindən daxili imkanlarla yaradılırdı. Səth sularından istifadə üçün müəyyən çətinliklər olsa da, bu imkanlar daxilində müəyyən tədbirlər görülürdü. Lakin hazırda bu təşəbbüslər demək olar ki, yoxdur.
Əhali artdıqca suyun toplanması və saxlanması məsələsi daha da aktuallaşır. Suvarma sistemlərinin hələ də köhnə olaraq qalması isə vəziyyəti daha da ağırlaşdırır. Hazırda ən böyük problemlərdən biri məhz suvarma sistemlərinin modernləşdirilməməsidir. Əgər bu sahədə ciddi tədbirlər görülərsə və su ehtiyatlarından səmərəli istifadə təmin olunarsa, su problemi də aradan qalxacaq".