"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen kapitan sarğısından məhrum ediləcək. SİA xəbər verir ki, bu barədə Kataloniyanın "3Cat" mətbu orqanı məlumat yayıb.
Mənbənin yazdığına görə, klub rəhbərliyi baş məşqçi Hans-Diter Flikə yeni kapitan təyin etməyi tapşırıb. Bu addım 33 yaşlı alman futbolçuya qarşı intizam tədbiri kimi nəzərdə tutulub.
Səbəb isə ter Ştegenin La Liqanın tibbi komissiyası üçün zədə hesabatını imzalamaqdan imtina etməsidir. Klub bu sənədi əsas götürərək yeni transferi qeydiyyatdan keçirmək istəyirdi. Lakin bunun üçün zədələnmiş futbolçunun ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını rəsmi şəkildə təsdiqləmək tələb olunur.
Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Onun klubla mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Qolkiper 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 9 oyunda iştirak edib, 11 qol buraxıb və yalnız 1 matçda qapısını toxunulmaz saxlayıb.