Endirim kampaniyaları – real fürsət, yoxsa istehlakçının aldadılması? - EKSPERT RƏYLƏRİ

6 Avqust 2025 14:17 (UTC+04:00)

“İstənilən endirim kampaniyasının, xüsusən mağazanın görünən yerində qoyulmasının məqsədi istehlakçını mağazaya girməyə təşviq etməkdir. Sonra isə başqa problemlər ortaya çıxır. İstehlakçı malı endirimli qiyməti ilə alır, deyirlər endirimdə deyil”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“İkinci problem – məhsulu qaytarmaq və ya dəyişmək istəyərkən, məhsul endirimli qiymətə alındığı üçün bu hal baş vermir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, hər bir malın üzərində maddi məhsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. İstehlakçı rahatlıqla əvvəlki və endirimdə olan qiyməti görməlidir. Endirim kampaniyası bir çox hallarda marketoloqların istehlakçıları mağazaya təşviq etmək məqsədi ilə olur. Ərzaq mağazalarında olan endirim kampaniyalarında fərqli cəhət var ki, endirimdə olmayan məhsulları qoyurlar endirim yazılmış hissəyə və istehlakçı səhvən endirimdə olmayanı götürür, elə bilir ki, qiymət ona aiddir. Təəssüf ki, istehlakçıların aldadılması hələ də davam edir”, - deyə ekspert qeyd edib.

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova isə bu məsələdə psixoloji təsirlərin üstünlük təşkil etdiyini vurğulayır: “Market və mağazaların bəzilərində real endirim olarkən, bəzilərində endirim adı altında psixoloji oyun təşkil olunur. Lakin təəssüf hissi ilə qeyd etmək istəyərdim ki, həmin "psixoloji oyunların" sayı real endirimlərin sayını üstələyib. İstehlakçılar, çox təəssüf ki, artıq real endirimlərə inanmırlar. Endirim adı altında olan psixoloji oyunlara qaldıqda isə bunu əsasən mağazalar edir. Son istifadə tarixinə az müddət – bir neçə gün qalmış məhsullar endirim adı altında alıcılara təklif olunur. Və ya alınmayan məhsullar var ki, daşınma xərcləri və s. səbəblərdən dolayı firmaya geri qaytarılmır, endirim adı altında alıcılara təklif olunur. İstehlakçılara tövsiyə olunur ki, bazarı yaxşı araşdırsınlar. Əgər həqiqi endirim adı altında qiymətin yüksəldilib, yenidən cüzi endirim olması halları ilə rastlaşarlarsa, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Sistemdən əvvəlki, mövcud olan qiyməti görmək olur".