Zelenski və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə edib

5 Avqust 2025 19:12 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı “Telegram” hesabında yazıb.

O, söhbət zamanı Ağ Ev rəhbərinə sülh istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Volodimir Zelenski insan ölümlərinin mümkün qədər tez dayandırılmalı olduğunu açıqlayıb:

“Həqiqətən də qətllərin qarşısını tez bir zamanda almaq lazımdır. Biz bunu dəstəkləyirik. Müharibə aylardır davam edir. Bu müddət savaş olmadan da keçə bilərdi”.

Ukrayna Prezidenti amerikalı həmkarı ilə ölkələr arasındakı mövqelərin koordinasiyasını həyata keçirdiyini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini açıqlayıb.

Tramp Rusiyanın Kiyevə zərbələri barədə də məlumatlandırılıb.

Gündəmdə Niderland, İsveç, Norveç və Danimarkanın Ukraynaya silah yardımı üzrə qərarı, habelə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq kimi məsələlər də olub.

Zelenski rəsmi Vaşinqtonla müdafiə sektorunda tərəfdaşlığa dair sazişin mətninin hazır olduğunu da bildirib.