"Azərbaycan qazının Yaxın Şərqə çıxışı reallaşır" - EKSPERT ŞƏRH ETDİ

4 Avqust 2025 17:29 (UTC+04:00)

"Azərbaycan qazının Suriyaya çıxışı SOCAR-ın — yəni Azərbaycanın neft, qaz və digər karbohidrogen ehtiyatlarının emalı, nəqli və satışını həyata keçirən qurumun — fəaliyyət coğrafiyasının daha da genişlənməsi anlamına gəlir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu, ilk mərhələdə müsbət və strateji bir addım kimi qiymətləndirilə bilər.

Məlumdur ki, Yaxın Şərq ölkələrinin əksəriyyəti təbii qaz və neft ehtiyatları ilə zəngindir. Suriyanın özündə də müəyyən qaz yataqları mövcuddur. Lakin Azərbaycanın qazını bu bölgəyə nəql etməsi həm enerji əməkdaşlığının yeni mərhələyə keçməsi, həm də ölkəmizin qaz ixrac coğrafiyasının genişlənməsi baxımından əhəmiyyətlidir. Qazın Suriyaya çatdırılması “Kilis–Hələb” boru kəməri vasitəsilə Türkiyə üzərindən həyata keçiriləcək. Bu, Azərbaycan qazının ilk dəfə bir ərəb ölkəsinə ixracı deməkdir və bu addım enerji siyasətimizdə mühüm dönüş nöqtəsi sayıla bilər. İnanıram ki, bu istiqamətdə gələcəkdə də yeni bazarlar açılacaq və Azərbaycanın qaz satışı coğrafiyası daha da genişlənəcək.

Eyni zamanda, qaz ixracının artması dövlət büdcəsinə daxil olan vəsaitin də çoxalması deməkdir. Bu proses həm iqtisadi baxımdan ölkəyə əlavə gəlir gətirir, həm də SOCAR-ın beynəlxalq nüfuzunu və təsir dairəsini artırır. Azərbaycan enerji ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirir və bu, ölkənin siyasi-iqtisadi gücünü bir daha nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycanın qaz ixracında Suriyaya çıxışı, həm iqtisadi baxımdan, həm də enerji diplomatiyasının uğuru baxımından əhəmiyyətli bir mərhələdir.