Avstraliyanın Yeni Cənubi Uels (YCU) və Kvinslend ştatlarına son 10 ildə ilk dəfə qar yağıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qar yağması səbəbindən yüzdən çox avtomobil yolda qalıb, minlərlə evin elektrik enerjisi kəsilib.
Avstraliya Meteorologiya Bürosunun meteoroloqu Miriam Bredberi Yeni Cənubi Uelsdə qarın qalınlığının 1980-ci illərdən bəri ən yüksək həddi olan 40 santimetrə çatdığını açıqlayıb. Bredberi qeyd edib ki, Kvinslenddə, eləcə də YCU-da qar son 10 ildə ilk dəfə yağıb.
YCU Fövqəladə Hallar Xidməti verdiyi açıqlamada qar yağışı və fırtınanın həyatı pozduğunu, 100-dən çox avtomobilin əsas yollarda qapalı qaldığını və minlərlə evin elektrik enerjisinin kəsildiyini bildirib.