Salyan Dövlət Rəsm Qalereyasında gənc kino rəssamı Rubə Müşfiqlinin "Çək... Amma bu dəfə fırçayla" adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin dəstəyi ilə təşkil olunan sərgi 2 avqust - Milli Kino Gününə həsr olunub. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən SİA-ya verilən məlumata görə, "Art Kino" layihəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində çıxış edən kinorejissor, beynəlxalq film festivallarının qalibi, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Azərbaycanda Milli Kinonun yaranması tarixindən danışıb. O bildirib ki, Salyan Dövlət Rəsm Qalereyasında “Art Kino” layihəsinə ötən ildən start verilib. İlk ildə qalereyada rəssamlara həsr olunan filmlərin nümayişi baş tutub. Bu il isə “Art Kino” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin 2-ci kurs tələbəsi, gənc kino rəssamı Rubə Müşfiqlinin “Çək… Amma bu dəfə fırçayla” adlı ilk fərdi sərgisi təşkil olunub. K. Məmmədovun sözlərinə görə, Bu cür sərgilər həm paytaxt ilə bölgələrin mədəni əlaqələrini gücləndirir, həm də gənc sənət adamlarına stimul verir.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının rəsmisi Vüqar Ağayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru Ruslan Fətullayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Zabil Pərviz, MİHİ Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova, tarixçi-tədqiqatçı Sahib Həsənov, mədəniyyət işçisi Leyla Babayeva və digərləri çıxış edərək milli kinonun çoxçalarlı inlişaf yolu, müasir filmlərin yaranması proseslərindən söhbət açıblar. Bildirilib ki, məhz bu gün gənc rəssamın fərdi sərgisinin təşkili önəmli hadisələrdən biridir.
Kino rəssamı Rubə Müşfiqli qeyd edib ki, kino və rəssamlığın vəhdəti onun sənətinin əsas qayəsini təşkil edir.
Sonra qalereyanın sərgi salonunda açılan “Çək… Amma bu dəfə fırçayla” adlı sərgiyə baxış olub. Sərgidə Rubə Müşfiqlinin 20-dən çox rəsm əsəri nümayiş olunur. Rəsm əsərləri spesifik aura daşıyır. "Gün keçdi", "Təhminə", "Ölsəm, bağışla", "Park", "Bəyin oğurlanması", "Şərikli çörək", "Yuxu", "Bizim Cəbiş müəllim", "Buta" və digər məşhur filmlərimiz bu dəfə təsviri sənətdə tamaşaçı qarşısına çıxıb.
Qeyd edək ki, sərgi avqust ayının sonunadək ziyarətçilər üçün açıq olacaq.