Avqustun 2-dən Azərbaycan qazının Türkiyənin Kilis vilayəti vasitəsilə nəqlinə başlanılan Suriyanın Hələb vilayətinin sakinləri Ankara və Bakının Suriyanın bərpasına verdiyi töhfəni alqışlayır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “STAR” qəzetinin şənbə günü Hələbdə hazırladığı reportajda deyilir.
Nəşr qeyd edir ki, Hələb sakinlərinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət kəsb edir.
Qəzet Suriyaya qaz nəqlinin müsbət iqtisadi və sosial nəticələrinə diqqət çəkən Hələb sakini Mahmud Hammaşdan sitat gətirir. “Azərbaycan qazı sayəsində biz elektrik enerjisi alacağıq. Biz nəqliyyat və çörəyin qiymətlərinin aşağı düşməsinə ümid edirik", -deyə suriyalı bildirib.
Digər Hələb sakini Məhəmməd əl-Abdullah Suriyanın bərpasına töhfə verən bütün ölkələrə təşəkkür edib: "Bizim elektrik enerjisinə ehtiyacımız var. Elektrik enerjisi istehsalı üçün qazın tədarükü Suriya üçün çox yaxşı xəbərdir”.
Reportajda qeyd olunur ki, Azərbaycan qazının Suriyaya tədarükünün başlanması iqtisadiyyatın bir çox sektoru, o cümlədən istehsal üçün təkan olacaq və bu ölkədə gündəlik həyatı yaxşılaşdıracaq.