Misirxan Vəliyev haqq dünyasına qovuşdu

2 Avqust 2025 11:41 (UTC+04:00)

"Türk-müsəlman dünyasının təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri də xoş söz, xoş niyyət və xeyirxah əməl sahibi olmaqdır. Bu prinsiplərə riayət edən və həyata keçirməyə çalışanlar hörmətə və rəğbətə layiqdirlər". 2017-ci ildə Misirxan Vəliyevin 60 illik yubileyi münasibətilə "Səs" qəzetində dərc olunan məqalə bu sətirlərlə başlayırdı. Bu gün isə artıq Misirxan müəllim aramızda yoxdur, haqq dünyasına qovuşub.

YAP Siyasi Şurasının üzvü, İcra Katibliyinin baş məsləhətçisi, YAP Sabunçu rayon təşkilatının sədri kimi mötəbər mövqelərdən partiya quruculuğunda fəal iştirak edən Misirxan Vəliyev Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdü. Onun şərəfli və mənalı ömrü, xeyirxah işləri, gözəl və yaddaqalan əməlləri daim yaddaşlarda qalacaq.

M.Vəliyev əbədi və əzəli torpağımız olan Azərbaycanın qədim diyarı Zəngəzur mahalının Qafan rayonunun Kığı kəndində anadan olub. Gələcək həyatını tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Misirxan müəllim taleyin hökmü ilə ictimai-siyasi proseslərin axarında əliyevçi olmaqla ölkənin çətin və ağır dövründə əməli fəaliyyəti ilə çoxlarına örnək ola biləcək nümunəvi yol tutdu.

"Səs" qəzetinin kollektivi mərhumun ailəsinə, yaxınlarına səbr diləyir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!