Rusiya nefti daşıyan tankerlər Hindistan sahillərində ilişib qalıblar...

1 Avqust 2025 20:43 (UTC+04:00)

...Hindistan sahillərində Rusiya üçün nefti daşıyan ən azı dörd tanker gözləmə vəziyyətindədirlər.

SİA Bloomberg-ə istinadən xəbər verir ki, Hindistan neftayırma zavodları Rusiyadan gətirilən nefti qəbul etməkdən imtina etdiyi üçün onlar yükü boşalda bilmirlər.

Gəmi izləmə məlumatlarına görə, “Axilles” və “Elyte” tankerləri hazırda Camnaqar şəhəri yaxınlığında lövbər salıblar.

Gəmilər iyunun sonlarında Primorsk və Ust-Luqadan yük götürüblər, burada Rusiyanın flaqmanı olan Urals nefti adətən yüklənir.

Onlar avqustun 2 və 3-də boşaldılmalı idilər. “Axilles” və “Elyte” tankerlərinin hər birinin tutumu təxminən 700 000 bareldir. Hər iki tanker Avropa İttifaqı və Böyük Britaniya sanksiyaları altındadır.

Digər iki tanker, “Destan” və “Horae” də Urals nefti ilə Hindistan sahillərində gözləməkdədirlər.

Gəmi izləmə məlumatlarına görə, tankerlər iyunun 24-dən iyulun 1-dək yüklənib.

Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan “Destan”ın yaxın günlərdə Sikka limanına çatacağı gözlənilir. Təyinatı məlum olmayan “Horae” Avropa İttifaqı, Böyük Britaniya və ya ABŞ sanksiyalarına məruz qalmır. Tankerlərin təyinat yerləri dəyişə bilər.

Nazlı Almuradova