Nazir Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirib

30 İyul 2025 20:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 29-da və 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Astara rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 454 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Sonda general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların hərbi hissəsinin sıra meydanında polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 297 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qəbula gələn vətəndaşlar daxili işlər nazirlə görüşlərindən razılıq ediblər. Lənkəran rayonu, Sinovli kənd sakini.Bəxtiyar Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd edir:

"Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi siyasəti çərçivəsində 30 iyul 2025-ci il tarixində Astara şəhərində Azərbaycan Respublikasının daxili işlər naziri, cənab Vilayət Eyvazov tərəfindən Cənub bölgəsinin sakinlərinin qəbul edilməsi biz vətəndaşlar üçün çox dəyərli və vacib bir hadisə oldu.

Qəbulda qaldırılan məsələlərin dinlənilməsi, vətəndaşlara göstərilən diqqət və qayğı bizi bir daha əmin etdi ki, ölkəmizdə dövlət orqanları xalqın yanında olmaq prinsipini yüksək səviyyədə həyata keçirir. Bu şəraiti yaratdığınız və vətəndaşlara göstərilən daim diqqət və qayğıya görə Sizə öz adımdan və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirirəm".