AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib

31 İyul 2025 11:55 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa sözlə, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.

Bundan başqa, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.