Boşanmaq – bir zamanlar ailə institutuna ən böyük təhlükə sayılırdı, insanlar ailələrini qorumaq üçün son ana qədər mübarizə aparır, “ayıb olar” qorxusu ilə dözürdülər. Amma indi mənzərə dəyişib. Cəmiyyət dəyişdikcə ailə institutunun qəbul etdiyi “normalar” da dəyişir.
“Qadınlar qorxmur boşanmaqdan, əksini iddia edən varsa illik, aylıq statistikalara baxsın. Boşanmadan qorxmaq məsələsi 10-15 il əvvəldə qaldı, onda insanlar ailəsini dağıtmaqdan çəkinirdi, boşanmaq dəhşətli bir şey kimi görünürdü insanlara. Günümüzdə boşanmaq o qədər adiləşib ki səbəbi nə olursa olsun boşanan tərəf haqlı hesab edilir". Bunu SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Lalə Mehralının sözlərinə görə, iki hal var ki, bu hallarda boşanmanı tam haqlı saymaq olar: zorakılıq və xəyanət. Hər iki faktor ailənin təməlini sarsıdır və birgəyaşayışı mənasız edir.
“İki halda boşanmanı dəstəkləyirəm: zorakılıq və xəyanət hallarında. Fərqi yoxdur, zorakılığın hansı növüdür, əgər bir ailədə zorakılıq varsa, orda bütün məhrəm duyğular məhv olub deməkdir və o ailə heç bir halda bir arasda uzun müddət dözüm göstərə bilməz”, – deyə sosioloq vurğulayır.
İkinci əsas səbəb isə xəyanətdir. Mehralıya görə, kimliyindən asılı olmayaraq qadın və ya kişi xəyanət edən tərəf ailənin dağılmasına görə məsuliyyət daşıyır: “İkinci hal xəyanətdir. Boşanma üçün olduqca əsaslı səbəbdir və əhvi olmamalıdır. Fərqi yoxdur kim kimə xəyanət edib, qadın və ya kişi olmasından asılı olmayaraq, bütün hallarda xəyanət edən tərəf varsa bu boşanma üçün yetərli səbəbdir”.
Amma məsələ təkcə bu deyil. Sosioloqu narahat edən daha bir məqam var: bu gün cütlüklər çox zaman olduqca bəsit səbəblərlə boşanma qərarı verir. Əsaslı təməl olmadan ailələrin dağılması artıq adi hal alıb.
“İndi insanlar bu iki səbəbdan çox başqa məsələlərə görə boşanır. O qədər bəsit bəhanələrlə boşanmağa gedənlər var ki, statistika bu qədər qabarır. Bu gedişlə ölkədə evli cütlük, ailə qalmayacaq”, – deyə Lalə Mehralı xəbərdarlıq edir.
Boşanma hər nə qədər şəxsi qərar olsa da, cəmiyyətin ümumi mənzərəsinə təsir edən sosial prosesdir. Bu səbəbdən də səbəblərin kökünə enmək, ailələrin niyə dağılmasının arxasında duran real səbəbləri araşdırmaq zəruridir.