"Təhsildə virtual məktəblər real məktəbləri əvəz edə bilər" - SOSİOLOQ ŞƏRH ETDİ

31 İyul 2025 11:09 (UTC+04:00)

"Hər dövrün özünün tələb olunan sənət və peşələri olur ki, o zaman o istiqamətdə çoxsaylı işçi qüvvəsinin axınını biz görürük. Vaxtilə at arabası sürənlər, fayton sürənlər, yaxud at nalını döyənlər, gündəlik məişət əşyalarını primitiv, öz sexlərində hazırlayan dəmirçilər, dulusçular, bel və yaxud oraq istehsal edən və s. peşə sahibləri var idi. O dövrdə texnika, mexanika, avtomatlaşma inkişaf etmədiyindən, bu peşələr dəbdə idi". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, XX əsrdə də qəribə peşələr var idi: "Lift idarəçiləri, küçə işıqlarını yandıranlar, kilsə zəngi çalanlar və s. Zamanla bu peşələr tarixə qarışdı. Azərbaycanda məscidlərdə azan səsləndirənlərdən tutmuş, hamamlarda işləyən bir çox peşələr artıq yoxdur. Müasir dövrdə də bir çox peşə artıq avtomatlaşmaya, robotlaşmaya, süni intellektə yer verir. Telefonçu qızlar, kassir, sürücü, mağaza satıcısı və s. bu kateqoriyaya aiddir. Yaxın gələcəkdə isə sürücülər, müəllimlər, repetitorlar, tərcüməçilər və digər sahələrdə çalışanlar da bu prosesdən kənarda qalmayacaq. Çünki süni intellekt proqramları artıq onların funksiyalarını yerinə yetirə bilir.

Məişət texnikası ustaları, ayaqqabı təmir edənlər artıq əvvəlki qədər tələbat görmür. İnsanlar xarab olan texnikanı və ya ayaqqabını təmir etdirməkdənsə, yenisi ilə əvəz edirlər. Gələcəkdə küçə süpürənlərdən tutmuş yaşıllığa qulluq edənlərə qədər, hətta bəzi proqram təminatı sahəsində çalışanlar da avtomatlaşdırma ilə əvəzlənəcək. Təhsil sistemi də buna uyğun dəyişməlidir. Çünki bir çox ixtisaslar artıq faydasız və gələcəksizdir. Təhsil müəssisələri innovativ sahələrə yönəlməlidir. Əks halda, bu sahələrdə oxuyanlar gələcəkdə iş tapa bilməyəcək və dövlət üçün sosial yükə çevriləcəklər. Süni intellekt artıq mətni mətnə, səsi mətinə çevirə bilir. Tərcümə proqramları insan tərcüməçiləri əvəz edir. Uşaqlara dərs deyən müəllimlərin yerini tətbiqlər və onlayn platformalar tutur. Yaxın gələcəkdə yaradıcı sahələrdə- kino, televiziya, musiqi və şou-biznesdə də süni intellektlə əvəzolunma prosesi sürətlənəcək. Kliplər, mahnılar, videolar artıq proqramlar tərəfindən hazırlanacaq.

Təmizlikçi, baxıcı, aşpaz və ofisiant kimi işçiləri robotlar əvəz edəcək. Hətta tibbdə də bəzi həkim və tibb bacılarını robotlar əvəz edə bilər. Təhsildə virtual məktəblər real məktəbləri əvəz edə bilər. Bio-nano texnologiyalar, beyin interfeysləri və digər sahələr yaxın illərdə kompüter və smartfon texnologiyalarını geridə qoya bilər. Bu isə bu sahədə işləyənlərin də öz aktuallıqlarını itirməsi deməkdir. Son olaraq, bütün bu dəyişikliklər artıq yalnız futuristik ehtimal deyil, real həyatın bir hissəsinə çevrilir. Elektron müəllim, virtual dərs, süni intellektlə tədris-bunlar artıq gerçəkdir və yeni peşələri doğurmaqla köhnə peşələri sıradan çıxarır. Ya bu dəyişikliklərə uyğunlaşmaq lazımdır, ya da geridə qalmaq".