Haşimoto xəstəliyi nədir?

31 İyul 2025 10:27 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı endokrinoloqu Şəbnəm Əlirzayeva ATV telekanalında yayımlanan “Xəbərin Olsun” maarifləndirici proqrama geniş auditoriyanı maraqlandıran “Haşimoto xəstəliyi nədir?” mövzusu ətrafında ətraflı məlumat verib.Müsahibə zamanı Şəbnəm Əlirzayeva bildirib ki, Haşimoto tiroiditi və ya xroniki autoimmun tiroidit qalxanabənzər vəzinin ən çox rast gəlinən xroniki iltihabi xəstəliklərindən biridir. Bu xəstəlik zamanı insanın immun sistemi orqanizmi müdafiə etmək əvəzinə, qalxanabənzər vəzi hüceyrələrini tanımır və onlara qarşı anticisimlər ifraz edir. Nəticədə qalxanabənzər vəz tədricən zədələnir və hipotiroidizm – yəni hormon çatışmazlığı yaranır.Şəbnəm həkim qeyd edib ki, Haşimoto xəstəliyi əsasən qadınlarda daha çox müşahidə olunur və genetik meyillilik mühüm rol oynayır. Xəstəliyin inkişafında həmçinin stress, ətraf mühit faktorları, yod qəbulu və digər autoimmun xəstəliklər də təsirli ola bilər.

Dr.Şəbnəm Əlirzayeva Haşimoto xəstəliyinin simptomlarına da diqqət çəkib. O, aşağıdakı əlamətlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu vurğulayıb:
* Daimi yorğunluq və halsızlıq
* Soyuğa qarşı həssaslıq
* Dəri quruluğu
* Köpmə və çəki artımı
* Yaddaş zəifliyi və depressiv hallar
* Menstrual pozuntular
* Səsin tutulması və boyun nahiyəsində şişlik
Haşimoto xəstəliyinin erkən diaqnozu xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından çox vacibdir. Bunun üçün qan analizləri, TSH, T3-T4 hormonları və anti-TPO anticisimlərinin yoxlanılması tövsiyə olunur.
Dr.Şəbnəm Əlirzayeva xəstəliyin müalicəsi və nəzarət üsullarından danışaraq vurğulayıb ki, Haşimoto tiroiditi tam sağalan xəstəlik olmasa da, düzgün diaqnoz və hormonal əvəzedici terapiya ilə xəstənin həyat keyfiyyəti yüksək səviyyədə saxlanıla bilər. O, izləyiciləri qalxanabənzər vəzi ilə bağlı narahatlıqları olduqda mütləq həkimə müraciət etməyə çağırıb.
Bu cür maarifləndirici çıxışlar vasitəsilə Mərkəzi Gömrük Hospitalı cəmiyyətin sağlamlıq savadlılığının artırılmasına, xəstəliklərin vaxtında aşkarlanması və profilaktikasına mühüm töhfə verir.