Suriya-İsrail danışıqları yenə Bakıda - Azərbaycan etibarlı dialoq məkanıdır

31 İyul 2025 10:22 (UTC+04:00)

Mətləb Salahov: “Bu vasitəçilik təşəbbüsü beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzumuzun göstəricisidir”

“Son illər Azərbaycan beynəlxalq səviyyədə ən kritik danışıqlar üçün ən münasib və etibarlı dialoq məkanı kimi formalaşıb. Bu, həm də beyənlxalq səviyyədə ölkəmizə olan etibar və etimadın göstəricisidir. Azərbaycan Rusiya-NATO danışıqları, habelə Türkiyə- İsrail münasibətlərinin normaya salınması üçün mühüm platforma, vasitəçi missiyasını həyata keçirib. Həm də böyük uğurla. Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü isə son illər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilə bilər.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov diqqətə çatdırıb ki, münaqişə və qarşıdurmalarla dolu olan Yaxın Şərq regionunda vasitəçilik təşəbbüsü ilə çıxış etmək, təkcə siyasi iradə deyil, eyni zamanda regional güc, etimad və balanslı xarici siyasət tələb edir. Azərbaycanın bu prosesdə fəallıq göstərməsi onun beynəlxalq diplomatiyada daha fəal və etibarlı tərəfdaş kimi qəbul olunmağa başladığını göstərir.
“Diqqət edək: Bu təşəbbüsün arxasında bir neçə əsas geosiyasi faktor dayanır. İlk növbədə, Azərbaycan uzun müddətdir ki, balanslı və çoxşaxəli xarici siyasət yürüdür. İsraillə strateji münasibətləri, xüsusilə müdafiə və texnologiya sahəsində sıx əməkdaşlıq üzərində qurulub. Eyni zamanda, Azərbaycan müsəlman dünyasının bir üzvü kimi Suriya və digər ərəb ölkələri ilə də diplomatik münasibətləri qoruyub saxlayır. Bu münasibətlər Azərbaycanın həm İsrail, həm də Suriya ilə əlaqə saxlayaraq neytral və etibarlı vasitəçi kimi çıxış etməsinə imkan yaradır.
Bundan başqa, digər mühüm faktor Azərbaycanın geosiyasi mövqeyidir. Cənubi Qafqazın önəmli tranzit və enerji dəhlizləri üzərində yerləşən Azərbaycan regionda sabitlik və əməkdaşlıqdan ən çox faydalanan ölkələrdən biridir. Yaxın Şərqdə sabitliyin təmin olunması Azərbaycanın enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir. Bu baxımdan, Suriya ilə İsrail arasında gərginliyin azaldılması regionda ümumi təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər. Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarda, xüsusilə Qoşulmama Hərəkatı və BMT platformalarında fəallığı onun diplomatik statusunu daha da gücləndirib. Bu təşəbbüs həm də Azərbaycanın qlobal məsələlərdə söz sahibinə çevrilmək istiqamətində atdığı addımlardan biridir. Həm də unutmayaq ki, aparıcı dünya dövlətləri tərəfindən Azərbaycanın qlobal liderlik missiyası müsbət qarşılanır. Sülhə və dialoqa çağırış edən bu kimi vasitəçilik missiyaları ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, onun humanitar və sülhpərvər imicini də möhkəmləndirir. Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü yalnız iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir, eyni zamanda Azərbaycanın regionda və beynəlxalq səviyyədə artan siyasi çəkisinin göstəricisidir. Və ən nəhayət İsrail-Suriya danışıqlarına ev sahibliyi edən Azərbaycan, bununla yerləşdiyi bölgənin də aparıcı ölkəsi olduğunu və dünya nəhənglərinin hesablaşdığı iqtisadi-siyasi mərkəzə çevrildiyini nümayiş etdirir”.