YAP Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib

30 İyul 2025 14:24 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib. İyul ayının 24-dən start götürmüş yay məktəbinin iştirakçıları rayon təşkilatının sədri Ramil Vəlibəyov ilə görüşüb, bir həftə davam edəcək məktəbin proqramı və təlimatları ilə tanış olublar.

Sonra yay məktəbinin iştirakçıları Zəfər abidəsini, “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini və Nizami rayon Şəhidlər Xiyabanını ziyarət və şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Könüllülərin və gənclərin dünyagörüşünün zənginləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların maarifləndirilməsi məqsədilə təşkil olunan yay məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzini, “Suraxanı” gəmi-muzeyini, “Siyasi repressiya qurbanları” muzeyini, Qobustan Milli Tarix-Bədii Qoruğunu, Palçıq Vulkanları Turizm Kompleksini, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, “Ulduz” şokolad fabrikinin, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti ilə tanış olublar.

Yay məktəbinin iştirakçılarının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, "Azərbaycan Respublikasının əməkdar artisti" Rafiq Həşimov və Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev ilə görüşləri keçirilib, eləcə də onlar tanınmış aparıcı Jalə Həsənlinin “Natiqlik bacarıqları” və sosial media mütəxəssisi Rəsul Səlimzadənin “Süni intellekt və onun müasir həyatımıza təsiri” mövzularında təlimlərində iştirak ediblər.

Könüllülərin və gənclərin yay məktəbi çərçivəsində Şamaxı, Quba rayonlarına və Qarabağa səfərləri də təşkil edilib. Onlar Şamaxı rayonuna səfəri zamanı Şamaxı cümə məscidini, Şamaxı Astrofizika Rəsədxanasını ziyarət, Şamaxı Safari Parkında heyvanları seyr ediblər.

Gənclər həmçinin Quba rayonunda Soyqırımı Memorial Kompleksini ziyarət ediblər, istedadların və bacarıqların nümayişi düşərgəsini salıblar.

Qarabağa səfər zamanı isə yay məktəbi iştirakçıları Xankəndi şəhərində Zəfər meydanı və Qarabağ Universiteti ilə tanış olublar, Şuşa şəhərində Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı Gövhərağa məscidini, güllələnmiş heykəlləri, Natəvanın evini, Şuşa qalasını və İsa bulağını ziyarət ediblər. Şuşa şəhərindən sonra yay məktəbinin iştirakçıları Laçın şəhərində də olublar.

Yay məktəbi gənclərdə yüksək təəssürat formalaşdırıb.