”Qərəzli təzyiq vasitələri regiondakı reallıqları dəyişmək iqtidarında deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

30 İyul 2025 13:30 (UTC+04:00)

“Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi bu cür qərəzli qətnamələrin heç bir əsası yoxdur. Bu, birinci hal deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

Nigar Məmmədova sözlərinə belə davam edib: “Azərbaycanın 44 günlük Vətən müharibəsində, eləcə də 23 saatlıq antiterror əməliyyatlarında uğurlu qələbəsindən sonra Fransanın qərəzi pik həddə çatıb, dəfələrlə ölkəmizə qarşı üzdəniraq qətnamələr qəbul olunub. Milli Assambleyadakı ermənipərəst dairələr heç bir halda Cənubi Qafqazda Azərbaycanın üstünlüyü ilə müşayiət olunan reallığı qəbul edə bilmirlər.

Postmünaqişə dövründə Azərbaycanın mövqeyinin daha da güclənməsi Fransadakı qərəzli çevrələri narahat edir. Xüsusilə son vaxtlar Bakı ilə İrəvan arasında baş tutan vasitəçisiz təmaslar da destruktiv qüvvələri narahat edən səbəblərdən biridir. Mövcud vəziyyət Fransa başda olmaqla heç bir kənar vasitəçinin normallaşma prosesində yerinin olmadığını təsdiqləyir. Sülh gündəliyi ilə bağlı nəticəyönümlü danışıqlar, müəyyən razılaşmalar destruktiv qüvvələrin “oyundankənar vəziyyətdə” qalması deməkdir. Cənubi Qafqazda özünəməxsus çirkin planları olan Fransa Ermənistana öldürücü silahlar satmaqla regionda sülh yox, eskalasiya riskini artırmağa çalışırdı. Lakin bu məkrli planlar baş tutmadı.

Həmçinin MM-in Korsika Qrupunun bəyanatında da qeyd olunduğu kimi, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar fonunda Bakı Təşəbbüs Qrupunun göstərdiyi dəstək də Fransanı qıcıqlandırır. Halbuki Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq QHT-dir. Cənab Prezidentin 3-cü Şuşa Qlobal Forumunda söylədiyi kimi, bəzi Avropa paytaxtları düşündüyü və ya təqdim etdiyi kimi deyil. BTQ-nin Azərbaycan hökuməti ilə heç bir əlaqəsi yoxdur. Bu, şəxsi gündəliyi olan qrup deyil. Qısa müddət ərzində Qvadelupa, Yeni Kaledoniya, Martinika, Sen-Marten və digər müstəmləkələrin xalqlarının tələbləri əsasında öz gündəliyini formalaşdırıb.
Hesab edirəm ki, Fransa Milli Assambleyası başda olmaqla bir çox Qərb institutları tərəfindən ölkəmizə qarşı qəbul olunan qərəzli sənədlər yararsız kağız parçasıdır. Bu cür təzyiq vasitələri regiondakı reallıqları dəyişmək iqtidarında deyil. Regionda söz sahibi qalib Azərbaycandır. Heç bir qüvvə rəsmi Bakının prinsipial mövqeyinə təsir edə bilməz”.

Ayşən Vəli