Azərbaycan dili: Milli kimliyin sütunu və dövlət siyasətinin prioritet istiqamət

30 İyul 2025 13:08 (UTC+04:00)

Hər bir xalqın mədəni, tarixi və intellektual inkişafının əsasını təşkil edən dil, eyni zamanda milli kimliyin qorunması və nəsildən-nəslə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşını, ədəbi irsini, incəsənətini və dünyagörüşünü formalaşdıran mühüm ideoloji vasitədir. Bu baxımdan, dilini itirmiş xalq sadəcə mədəni deyil, həm də siyasi müstəvidə mövcudluğunu itirmiş hesab olunur. Məhz buna görə də, hər bir dövlətin prioritet vəzifələrindən biri ana dilinin qorunması, inkişafı və beynəlxalq müstəvidə təbliğidir.
Azərbaycan xalqının müasir tarixində ana dilinin qorunması və inkişaf etdirilməsi məsələsi çoxsaylı siyasi çətinliklər və ideoloji təzyiqlərlə müşayiət olunsa da, bu istiqamətdə aparılan mübarizə milli şüurun oyanışı ilə paralel şəkildə irəliləmişdir. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin rolu həlledici olmuşdur.

1970-ci illərin ortalarından etibarən SSRİ-nin ictimai-siyasi sistemində “vahid sovet xalqı” modelinin tətbiqi milli dillərin ikinci plana keçirilməsini sürətləndirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra mərkəzi hakimiyyətin siyasəti milli respublikalarda yerli dillərin sıxışdırılmasına, rus dilinin isə hegemon status qazanmasına xidmət edirdi. Bu dövrdə ana dili məsələsini açıq şəkildə gündəmə gətirmək siyasi cəsarət tələb edirdi. 1930-cu illərdə belə təşəbbüslər çox zaman repressiyalarla nəticələnmiş, ziyalılar və milli kimlik tərəfdarları sürgün və təqibə məruz qalmışdılar. Hətta respublikaların rəhbərləri belə, bu məsələni rəsmi səviyyədə müzakirəyə çıxarmaqda aciz idilər.
Belə mürəkkəb bir siyasi kontekstdə Ulu Öndər Heydər Əliyevin ana dili ilə bağlı qətiyyətli mövqeyi və ardıcıl siyasəti, milli mənəviyyatın qorunmasında dönüş nöqtəsi oldu. O, Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, ana dilini yalnız mədəni dəyər kimi deyil, siyasi atribut kimi də müdafiə edirdi. Dövlət dili statusunun verilməsi uğrunda apardığı mübarizə, ictimaiyyətin, ziyalıların və gənc nəslin milli dil ətrafında səfərbər edilməsinə yönəlmiş strateji addımlar, Azərbaycanın gələcək müstəqillik dövründə dil siyasətinin əsaslarını qoydu.

Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dilinin dövlət dili” olması ilə bağlı müddəanın daxil edilməsi o dövr üçün tarixi və siyasi baxımdan mühüm addım idi. Bu, sovet məkanında nadir hallardan biri olaraq, milli dilin hüquqi status alması demək idi. Ulu Öndər Konstitusiya müzakirələri zamanı milli dil məsələsinin yalnız mədəni deyil, həm də hüquqi və siyasi məsələ olduğunu açıq şəkildə bəyan etmişdi. Beləliklə, Azərbaycan dili ilk dəfə rəsmi olaraq dövlət dili statusuna yüksəldi.
Müstəqillik əldə edildikdən sonra ana dilinin inkişafı və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başlandı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə ana dilimizin adı – “Azərbaycan dili” olaraq təsdiqləndi. Konstitusiyanın 21-ci maddəsində bu ifadənin yer alması, milli iradənin və ümumxalq dəstəyinin təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan bu təşəbbüs, Azərbaycanın milli ideoloji xəttində dil məsələsinin prioritet olduğunu bir daha təsdiqlədi.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoydu. Bu fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətin başlanğıcı oldu. Fərman həmçinin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyünü təmin etdi. Bu sənəd yalnız texniki sənəd deyil, həm də milli ideologiyanın konkret hüquqi ifadəsi idi.
Qloballaşma şəraitində milli kimliyin qorunması və dövlət müstəqilliyinin ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından dil siyasəti hər bir ölkənin milli təhlükəsizliyi səviyyəsində strateji məsələ kimi çıxış edir. Azərbaycan xalqının milli-mənəvi varlığını formalaşdıran başlıca amillərdən biri olan ana dilinin qorunması və inkişaf etdirilməsi ölkəmizdə uzun illərdir ardıcıl və sistemli dövlət siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar yalnız simvolik bayram xarakteri daşımır, həm də dilin milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi tanınmasına xidmət edir. Ana dilinə ictimai-siyasi və hüquqi status qazandırılması, onunla bağlı maarifləndirmə və təşviqat tədbirlərinin təşkili istiqamətində bu fərman tarixi mərhələ təşkil etmişdir.

Ulu Öndər bu təşəbbüsü ilə bir daha sübut etdi ki, müasir dünyada xalqın dilini qorumaq – onun varlığını qorumaq deməkdir.
2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, ana dilimizin hüquqi statusunun konkret və birmənalı şəkildə təsbit olunmasında mühüm mərhələ oldu.
Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dilinə çevrilməsi prosesi təkcə mədəni layihə deyil, həm də siyasi mübarizə, ideoloji istiqamət və dövlətçilik uğrunda aparılan ardıcıl strategiyadır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, ana dilinin qorunması və inkişafı istiqamətində sistemli, mərhələli və çoxşaxəli siyasət həyata keçirir. Bu siyasət sadəcə dilin texniki istifadəsini deyil, onun qloballaşma dövrünün çağırışlarına uyğun inkişafını hədəfləyir.

2004-cü il 12 yanvar imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam – müasir yazı sisteminə tam keçidi təmin etməklə milli dilin texnoloji və ideoloji modernizasiyasını reallaşdırdı. 2004 və 2007-ci illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri” və “Dünya ədəbiyyatının Azərbaycan dilində nəşri” haqqında sərəncamlar – ana dilində elmi və mədəni irsin yayımını strateji vəzifəyə çevirdi. 2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” – dilin texnoloji və akademik müstəvilərdə adaptasiyasını təmin etməyə yönəlməsinə şərait yaratdı. 2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı” Sərəncam – rəqəmsal transformasiya prosesində ana dilinin mövqeyinin möhkəmləndirilməsinə xidmət etdi. 2018-ci il 1 noyabr tarixində “Dövlət dilindən istifadənin təkmilləşdirilməsi və dilin saflığının qorunması” haqqında Fərman – dilin semantik və üslubi bütövlüyünü qorumağa yönəlmişdir. Bu fərman əsasında Monitorinq Mərkəzinin yaradılması, icra nəzarətinin institusional səviyyədə təşkilini təmin etmişdir.

Dil siyasəti sahəsində həyata keçirilən bu kompleks tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan dilinin qorunması – Azərbaycan dövlətinin qorunmasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”

Azərbaycan dili bu gün yalnız ünsiyyət vasitəsi deyil, həm də milli ideologiyanın, ictimai həmrəyliyin, dövlətin rəsmi simasının daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin dil siyasətindəki uzaqgörənliyi və Prezident İlham Əliyevin həmin xətti müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirməsi, dövlətimizin dilə yalnız mədəni sərvət kimi deyil, strateji prioritet kimi yanaşdığını sübut edir.

Azərbaycan əlifbası və Azərbaycan dili günü, sadəcə bir təqvim günü deyil, milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlət müstəqilliyimizin ideoloji dayaqlarından biri olan ana dilinə ehtiramın rəsmi təcəssümüdür. Bu gün, həm də keçmişin mirası ilə gələcəyin məsuliyyətini birləşdirən milli yaddaş platformasıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hüquqi və siyasi status qazanan Azərbaycan dili, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir texnoloji və qlobal çağırışlara cavab verəcək səviyyədə inkişaf etdirilir, tətbiq dairəsi genişləndirilir.
Qloballaşmanın dil və kimlik üzərindəki təzyiqlərinin artdığı bir zamanda, Azərbaycan dövləti ana dilini qorumağı və təşviq etməyi milli təhlükəsizlik və dövlətçilik strategiyasının mühüm tərkib hissəsi kimi müəyyənləşdirmişdir.

1 Avqust tarixində keçirilən tədbirlər və bu günün ideoloji məzmunu bizə xatırladır ki, dilini qoruyan millət – gələcəyini qoruyur.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini