Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Dr. Nabil Seyidov “Ağciyər tromboemboliyasının yaranma səbəbləri” mövzusunda geniş açıqlama verərək bu həyati təhlükə doğuran vəziyyətin yaranma səbəbləri, patoloji mexanizmləri və əsas risk amillərini diqqətə çatdırıb. SİA xəbər verir ki, Nabil həkim bildirib ki, ağciyər tromboemboliyası (ATE) qan laxtasının (trombun) dərin venalarda, xüsusilə də aşağı ətraflarda əmələ gəlib qoparaq ağciyər arteriyalarına keçməsi nəticəsində yaranır. Bu proses ağciyərin qanla təchizatını pozur, nəticədə tənəffüs çatışmazlığı, ürək ritmində pozğunluq və hətta qəfil ölüm riski meydana çıxır. Belə ki, bu vəziyyət xüsusilə uzun müddət hərəkətsiz qalan insanlarda – məsələn, uzun uçuşlarda, ofis işçilərində və ya yataq rejimində olan xəstələrdə daha çox müşahidə olunur. Eyni zamanda, siqaret istifadəsi, piylənmə, hormonal dərmanlardan istifadə, irsi qan laxtalanma pozuntuları da tromboemboliyanın inkişaf riskini artırır.
Ağciyər tromboemboliyasının qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması, risk qrupunda olan şəxslərin profilaktik tədbirlər görməsi və həyat tərzində müəyyən dəyişikliklər etməsi vacibdir. Həkim hərəkətsiz həyat tərzindən uzaq durmağı, fiziki aktivliyi artırmağı, qidalanmaya diqqət yetirməyi və həkim nəzarəti ilə profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib.
Dr. Seyidovun sözlərinə görə, ATE-nin ilkin əlamətləri – qəfil nəfəs darlığı, sinədə ağrı, başgicəllənmə, tərləmə və huşun itməsi kimi hallarda dərhal tibbi yardım alınmalıdır. Belə hallarda vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır və ciddi fəsadların qarşısını ala bilər.