Azərbaycanın İsraillə birgə yaratdığı Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub

30 İyul 2025 10:19 (UTC+04:00)

İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca beşinci “Məzun Günü” keçirilib. SİA xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə fəaliyyət göstərən Mərkəzin bu mərhələsində daha 100 nəfər kibertəhlükəsizlik üzrə təlimləri uğurla başa vuraraq məzun adını qazanıb.

Tədris müddətində iştirakçılar beynəlxalq mütəxəssislərin rəhbərliyi ilə müdafiə (“Blue Team”), hücum (“Red Team”) və birgə fəaliyyət (“Purple Team”) üzrə praktiki təlimlər keçərək kibertəhlükəsizlik sahəsində qabaqcıl strategiyalar və müasir texnologiyalar üzrə biliklər əldə ediblər.

Qeyd edək ki, indiyədək Mərkəzdən ümumilikdə 380 nəfər məzun olub. Hazırda isə altıncı tədris dalğası çərçivəsində 60 tələbə təhsilini davam etdirir.