Prinston Universitetinin alimləri 5000-dən çox autizmli uşağın məlumatlarını təhlil edərək autizmin dörd fərqli alt növünü müəyyən ediblər. Bu tapıntı autizmi daha yaxşı anlamaq, erkən diaqnoz və fərdi müalicə yolları tapmaq üçün böyük bir irəliləyiş kimi qiymətləndirilir. SİA “Science Daily” saytına istinadla xəbər verir ki, araşdırma autizmi olan uşaqları onların sosial davranışları, inkişaf mərhələləri və psixi sağlamlıq vəziyyətinə görə qruplaşdırıb. Nəticədə bu 4 alt növ ortaya çıxıb:
1.Sosial və davranış problemləri - bu uşaqlar əsas autizm əlamətləri, yəni sosial çətinliklər və təkrarlanan davranışlar göstərirlər. Ancaq inkişaf mərhələlərinə digər uşaqlarla oxşar şəkildə çatırlar. Çox vaxt narahatlıq və depressiya kimi əlavə psixi problemlər də yaşayırlar. Uşaqların 37 faizi bu qrupa daxildir.
2.İnkişaf gecikməsi ilə qarışıq autizm - bu qrupdakı uşaqlar gəzmək və danışmaq kimi bacarıqları gec öyrənirlər. Lakin çox zaman əlavə psixoloji problemləri olmur. Qrup daxilində əlamətlər müxtəlif ola bilər. Uşaqların 19 faizi bu qrupa daxildir.
3.Orta çətinliklər - bu uşaqlarda autizmlə əlaqəli davranışlar var, amma daha yüngül formada. Onlar əksər hallarda normal inkişaf mərhələlərini izləyirlər və əlavə psixi pozğunluqları yoxdur. Bu qrup ümumi iştirakçıların 34 faizini təşkil edir.
4.Geniş təsirə məruz qalanlar - bu qrup ən çətin halları əhatə edir: inkişaf gecikmələri, sosial və ünsiyyət çətinlikləri, təkrarlanan davranışlar və ağır psixoloji problemlər (məsələn, depressiya, narahatlıq). Bu, bütün uşaqların 10 faizini təşkil edən ən kiçik qrupdur.
Tədqiqat göstərdi ki, bu alt növlərin hər birinin arxasında fərqli genetik səbəblər dayanır. Məsələn, “Geniş təsirə məruz qalanlar” qrupunda uşaqlarda çox vaxt valideynlərdən gəlməyən yeni gen mutasiyaları aşkar edilib. Digər qruplarda isə miras qalan genetik dəyişikliklər ön plandadır.
Bu kəşf autizmli uşaqların daha düzgün şəkildə diaqnoz olunmasına, fərdi müalicə yollarının hazırlanmasına və erkən müdaxilənin daha effektiv olmasına kömək edə bilər. Həkimlər artıq hər uşağın hansı alt növə aid olduğunu müəyyənləşdirərək ona uyğun dəstək və terapiya təklif edə biləcəklər.
Tədqiqatın müəlliflərindən biri deyib: “Biz artıq autizmi tək bir vəziyyət kimi deyil, fərqli genetik və bioloji xüsusiyyətləri olan alt tiplər kimi qəbul edə bilərik”.
Alimlər hesab edirlər ki, bu çərçivə təkcə autizm deyil, digər qarışıq xəstəliklərin də daha yaxşı başa düşülməsinə yardım edə bilər. Bu, həm elm dünyasında, həm də klinik praktikada yeni bir dövrün başlanğıcı ola bilər.
Ataşdırma “Nature Genetics” jurnalında dərc edilib.