Rusiya Ukraynanı məğlub etmək gücündə deyil...

27 İyul 2025 00:34 (UTC+04:00)

...Hazırda rusların Ukrayna müdafiəsini yarıb keçə və ya məhv edə biləcəyinə dair heç bir əlamət yoxdur.

SİA-nın məlumatına görə, bu fikri ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general Ben Hoces Studio Zapad-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna artıq sübut edib ki, Rusiyanı cilovlaya bilir, çünki 11 il yarımlıq müharibədən sonra işğalçı ölkə Ukrayna ərazisinin cəmi 19 faizinə nəzarət edir.

...Rusiya Hərbi Hava Qüvvələri Ukrayna hava məkanında uçuşlardan yayınır, Rusiyanın Qara dəniz donanması isə praktiki olaraq əməliyyat arenasından yoxa çıxıb.

Rusiya Polşadan Ukraynaya texnika və sursat tədarükünü dayandıra bilməyib.

Hoces bildirib ki, Rusiya ordusunun Ukrayna müdafiəsini yarmağa qadir olduğuna dair heç bir sübut yoxdur.

Eyni zamanda, general vurğulayıb ki, Ukraynanın hazırda Rusiyanı sıxışdırmaq üçün kifayət qədər resursu yoxdur, ona görə də ciddi xarici dəyişikliklər olmasa, bir ildən sonra cəbhədəki vəziyyət çox güman ki, indiki vəziyyətə bənzəyəcək.

...Dəyişiklik üçün xarici amil ya Qərbin Rusiyanın Hindistan və Çinə neft və qaz ixrac etmək qabiliyyətinə dair həlledici təzyiqi, ya da Ukraynaya yüksək dəqiqlikli uzaqmənzilli silahların geniş miqyaslı tədarükü ola bilər. Rusiya Ukraynanı məğlub etmək gücündə deyil. Onun edə biləcəyi yeganə şey Qərbin yorulacağına ümid edərək dinc ukraynalıları öldürməyə davam etməkdir. Mən şübhə edirəm ki, Rusiya iqtisadiyyatı daha bir neçə il belə müharibəyə tab gətirə bilər, xüsusən də onun enerji ixracı əngəllənərsə.

Bunu da amerikalı hərbçi bildirib.

Əli Babayev