Bəzi insanlar çox yeyir, amma kökəlmir, niyə..?

26 İyul 2025 21:34 (UTC+04:00)

Tədqiqat qrupu arıq olmağa meylliliyi təyin edən gen aşkar edib.

SİA xəbər verir ki, EurekAlert-ə görə, sözügedən gen ilk növbədə xərçəng dəyişiklikləri ilə əlaqəli onkogen kimi tanınan ALK-dır.

Tədqiqat 47 000-dən çox insanın DNT-sini ehtiva edən Estoniya Biobankının məlumatlarına əsaslanıb.

Alimlər arıq insanların genomlarını normal çəkili insanlar haqqında məlumatlarla müqayisə edərək, ALK genində spesifik mutasiyalar aşkar ediblər.

Bu genin təsirini təsdiqləmək üçün tədqiqatçılar laboratoriya siçanları və milçəklərdə ALK-nın çıxarılması üçün təcrübə aparıblar.

Nəticədə, yüksək kalorili pəhriz və oturaq həyat tərzi ilə belə, heyvanlar aşağı çəki saxlayıblar və praktiki olaraq heç bir yağ yığılmayıb.

Kəşf bəzi insanların niyə kökəlmədən daha çox yemək yeyə biləcəyinə aydınlıq gətirə bilər.

Layihənin rəhbəri Cozef Penninqerin sözlərinə görə, ALK geni maddələr mübadiləsinə təsir göstərir. Onun olmaması orqanizmin piylənməyə qarşı müqavimətini artırmağa kömək edir.

Alimlər ümid edirlər ki, gələcəkdə bu kəşf çəki idarə etmənin və metabolik xəstəliklərin müalicəsinin innovativ üsullarının inkişafı üçün əsas olacaq.

Əli Babayev