Azərbaycanlı tələbələr Avropa Universitetləri Futzal Çempionatının qalibi olub

26 İyul 2025 16:43 (UTC+04:00)

Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.

SIA xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.

Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.

Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.