17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilib. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.
Komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa Universitetləri Futzal Çempionatının qalibi oldu.
Qeyd edək ki, qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib.
Çempionatın fəxri komandasına komandamızın iki üzvü- oyunçumuz Ağalızadə Xəzər Övsət oğlu və qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu daxil edilib.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.