Süveyş kanalının gəlirləri kəskin azalıb

23 İyul 2025 08:16 (UTC+04:00)

Süveyş kanalının gəlirləri cari maliyyə ilinin ilk doqquz ayında 54,1 faiz azalaraq 2,6 milyard dollar olub. Bu eniş Qırmızı Dəniz regionunda davam edən geosiyasi gərginliklər fonunda tranzit gəmilərin sayının 44,8 faiz azalması ilə əlaqədardır. Bu vəziyyət, Süveyş kanalının beynəlxalq ticarətdəki roluna ciddi təsir göstərib. SİA xəbər verir ki, bu barədə Misir Mərkəzi Bankı məlumat verib.

Bununla belə, Bankın statistikasına görə, qeyd olunan dövr ərzində xaricdən ölkəyə göndərilən pul vəsaitlərinin həcmi 82,7 faiz artaraq 26,4 milyard dollara çatıb. Xarici ölkələrdə işləyən misirlilərin göndərdikləri pul ölkə iqtisadiyyatı üçün mühüm dəstək mənbəyi olaraq qalır.

Eyni zamanda, turizm sektorunda müsbət bir inkişaf qeydə alınıb. Misirin turizm gəlirləri 15,4 faiz artaraq illik 12,5 milyard dollara yüksəlib.