Uzun müddətdir "The Cosby Family" serialında Teodor (Teo) Huxtable rolu ilə şöhrət qazanan Malkolm-Camal Uorner vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Kosta-Rikada tətildə olan məşhur aktyorun bazar günü günortadan sonra çimərkən axıntıya tuş gələrək boğulub öldüyü bildirilir.
Malkolm-Camal Uorner çimərliyə gedənlər tərəfindən sudan çıxarılıb və hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.
1970-ci ildə Nyu Cersidə anadan olan Malkolm-Camal Uorner karyerasına uşaq ikən başlayıb. “The Cosby Family” filmi ilə şöhrət qazanan məşhur aktyor 1984-1992-ci illərdə serialda Teodor (Teo) Huxtable obrazını canlandırıb. O, 1986-cı ildə bu tamaşaya görə Emmi Mükafatına namizəd olub.