Azərbaycan və Türkiyə qadın basketbolu arasında əməkdaşlıq genişlənir - FOTOLAR

21 İyul 2025 18:13 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri idman sahəsində də öz əksini tapmaqdadır. SİA-nın xəbərinə görə, bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiya nümayəndələri, Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan “Nəsibə Aydın” Basketbol Klubunun prezidenti Mirkan Aydın, klubun baş məşqçisi Erman Okerman və komanda kapitanı Buşra Akgün ilə rəsmi görüş keçiriblər.

Görüşdə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq də iştirak edib. Bildirilib ki, Hədəf Liseyi və Nəsib Aydın Okulları arasında mövcud olan qardaş məktəb münasibətləri idman sahəsində də əməkdaşlığa zəmin yaradır.

Görüş zamanı iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Tərəflər müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlərin, təlim düşərgələrinin və digər inkişafyönümlü tədbirlərin keçirilməsi ideyasını dəstəkləyiblər.

Federasiya prezidenti Emin Əmrullayev çıxışında Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıb və “Nəsibə Aydın” klubunun qadın basketbolunda qazandığı uğurları yüksək qiymətləndirib. Klub prezidenti Mirkan Aydın isə Azərbaycan basketbolunun son illərdəki inkişafını təqdir edərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə inandığını bildirib.

Görüşdə eyni zamanda Azərbaycan və Türkiyə qadın milli komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi də müzakirə olunub.

Tədbirin sonunda “Nəsibə Aydın” klubunun baş məşqçisi Erman Okerman və kapitan Buşra Akgün, Hədəf Liseyinin 9–11-ci sinif şagirdləri – “balabilgələr” üçün praktiki məşğələ keçiriblər. Qızlardan ibarət iki komanda formalaşdırılaraq oyuna cəlb olunub.

Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq çıxışında gələcəkdə qadın basketbol komandası formalaşdırmaqda və bu sahədə peşəkar inkişafı dəstəkləməkdə maraqlı olduqlarını qeyd edib.