Masallıda əməliyyat keçirilib, 39 kq narkotik aşkar olunub

21 İyul 2025 17:20 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.