Zinyət əşyası alan müştərilərə niyə qəbz verilmir? - İQTİSADÇI AÇIQLADI

21 İyul 2025 16:55 (UTC+04:00)

“Qəbz təqdim olunmaması, xüsusilə bəzi sahələrdə - o cümlədən ziynət əşyaları və geyim satışında - hələ də rast gəlinən ciddi vergi pozuntularından biridir. Müştəriyə alış zamanı kassa çeki və ya elektron qəbz verilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir və bu cür hallar qanunvericiliyə ziddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Eyyub Kərimli sözlərinə belə davam edib: “Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış əməliyyatını sənədləşdirmək və alıcıya rəsmi ödəniş sənədi təqdim etmək öhdəliyinə malikdirlər. Bu tələb həm şəffaf maliyyə dövriyyəsinin təmin olunması, həm də dövlətin vergi daxilolmalarının tam şəkildə toplanması baxımından zəruridir.

Müştəri, qanunvericiliklə təsbit olunduğu kimi, alış zamanı qəbz tələb etmək hüququna malikdir. Əgər qəbz verilmirsə, bu hal vergi orqanları tərəfindən araşdırıla və inzibati məsuliyyət tədbirləri görülə bilər. Belə hallarda sahibkara qarşı cərimə sanksiyaları tətbiq edilir. Xüsusilə qızıl-zinət əşyalarının satışında bu kimi hallar daha çox diqqət çəkir, çünki bu sahə yüksək dəyərə malik məhsulları əhatə etdiyindən kölgə iqtisadiyyatına meyillilik riski daha yüksəkdir. Buna görə də, həm bu sahədə, həm də digər ticarət sahələrində qəbz verilməməsi vergi sisteminə ciddi təhdid kimi qiymətləndirilməlidir.

Müştərilər bu cür hallarla qarşılaşdıqda, Vergilər Nazirliyinin “Qaynar xətt” xidmətinə və ya digər müvafiq nəzarət qurumlarına müraciət edərək hüquqlarını qorumalıdırlar. Dövlət orqanlarının bu hallara qarşı daha sərt və sistemli mübarizə aparması, ictimai maarifləndirmə tədbirlərinin artırılması vacibdir”.

Ayşən Vəli