Yeni tədris ili üçün peşə təhsilinə 32 min tələbənin qəbulu planlaşdırılır

21 İyul 2025 11:14 (UTC+04:00)

2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq. SİA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.

O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür: “Ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var: “Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub: “Ən çox yerli yer ayrılan aşpaz, dərzi, elektrik montyoru, manikür, bərbər-vizajist ixtisaslarıdır”.

Direktor vurğulayıb ki, qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29.6 faizdən 2025-ci ildə 40 faizə yüksəlib: “Bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb. Məsələn, Lənkəran buna nümunədir”.

C. Kərəmov əlavə edib ki, son 5 ildə peşə təhsilinə maraq 71.5 faiz artıb.