Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub

20 İyul 2025 15:13 (UTC+04:00)

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü Gürcüstan mediasının diqqət mərkəzində olub. SİA xəbər verir ki, “İmedinews.ge”, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı iyulun 19-da və 20-də Azərbaycan Prezidentinin çıxışından silsilə materiallar yayıblar.

Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, Zəngəzur dəhlizi, qonşu ölkələrlə münasibətlərə dair fikirləri xüsusilə qeyd olunub.

Dövlətimizin başçısının fikirlərinə istinadən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulması ilə bağlı məqalədə deyilir: “Azərbaycan 7 aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir”.

Zəngəzur dəhlizi ilə bağlı məqalələrdə isə deyilir ki, bu dəhliz bir çox ölkəni birləşdirəcək arteriyadır və burada söhbət təkcə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir – söhbət beynəlxalq tranzit dəhlizindən gedir. Azərbaycan nəqliyyat və logistikaya fəal sərmayələr qoyur. Son illərdə milyardlarla dollar investisiya yatırılıb, Xəzər dənizində ən iri beynəlxalq ticarət limanı inşa edilib. Hazırda Azərbaycan onun genişləndirilməsi üzərində çalışır. Gürcüstan ərazisindən keçməklə, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu inşa edilib. Azərbaycanın ərazisində tranzit daşımaların həcmi artır və bu da müasir infrastrukturun mövcudluğu ilə bağlıdır.

Dövlətimizin başçısının çıxışından gətirilən sitatda deyilir: “Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”.

Qonşu dövlətlərlə münasibətlər bağlı məqalədə isə bildirilir ki, qonşularla yaxşı münasibət qurmadan tranzit ölkəyə çevrilmək olmaz. Azərbaycan özünün etibarlı tərəfdaş olduğunu və sözünün imza ilə eyni dəyərə malik olduğunu göstərməyə çalışır.