Dövlət İmtahan Mərkəzi iyulun 20-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirib. Mərkəzdən SİA-ya bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 6 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 131 nəzarətçi, 22 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.