Şuşa Qlobal Media Forumunda dünyanın müxtəlif ölkələrindən media nümayəndəsi iştirak edir. Biz burada bir araya gələrək müasir medianın gündəliyində duran vacib və problematik məsələləri müzakirə edirik. Builki Şuşa Qlobal Media Forumunun əsas müzakirə mövzularından biri süni intellektin mediaya təsiridir. Çünki süni intellekt həyatımızın müxtəlif sahələrinə, o cümlədən media sahəsinə ciddi şəkildə təsir edir. Artıq medianı texnologiyadan ayrı düşünmək mümkün deyil. SİA xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, öyrəşdiyimiz ənənəvi media bu gün rəqəmsal texnologiyaların inkişafı nəticəsində dönüş mərhələsini yaşayır. Əgər əvvəllər biz sosial medianın ənənəvi mediaya təsirini müzakirə edirdiksə, bu gün artıq süni intellektin media mühitinə təsiri konkret müzakirə mövzusuna çevrilib. Bu, qaçılmaz bir faktdır.
“Süni intellektin insan amilini əvəz etməsi mövzusu isə gələcəyin göstərəcəyi bir məsələdir. Ancaq səmimi olaraq mən buna inanmıram. Mənə görə, süni intellekt insan əməyini əvəz etməkdən daha çox, jurnalistlərin fəaliyyətinə dəstək göstərən, onu tamamlayan bir vasitə olacaq. Media sahəsində çalışan peşəkarların işi yalnız informasiya toplamaqla bitmir, yaradıcılıq, düşüncə və etik yanaşma tələb olunur.
Digər tərəfdən, süni intellekt bizə böyükhəcmli məlumatların analizi, sürətli məlumat çıxarışı, tərcümə işlərinin avtomatlaşdırılması və “Big Data”nın təhlili kimi sahələrdə əvəzsiz kömək göstərir. Artıq bəzi media qurumlarımız bu texnologiyaları tətbiq etməyə başlayıb. Xüsusilə rus və ingilis dillərində avtomatik tərcümə və arxa səs xidmətləri müəyyən müsbət nəticələr verir”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib.
O, süni intellektin informasiya qəbul etmək, özlüyündə təhlil aparmaq və qərar vermək imkanlarının da artdığına diqqət çəkib: “Süni intellekt hətta alqoritmik proseslərə təsir edə biləcək gücdədir. Bu da peşəkar jurnalistikanın süni intellektin mümkün manipulyativ təsirlərinə məruz qalması ehtimalını gündəmə gətirir.
Biz artıq televiziya və onlayn media subyektlərinin rəhbərləri ilə bu istiqamətdə mütəmadi olaraq görüşlər keçirir, praktiki tətbiq imkanlarını müzakirə edirik”.