3-cü Şuşa Qlobal Media Forumunun 2-ci günü başlayıb - YENİLƏNİR/FOTO

20 İyul 2025 10:30 (UTC+04:00)

3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb. Şuşa otelində keçirilən tədbirdə moderatorlar kimi Euronews kanalının əməkdaşı Jane WitherspoonAnews kanalının nümayəndəsi Guy Shone çıxış ediblər. SİA-nın verdiyi məlumata görə, daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları salamlayaraq forumda iştirak edən hər bir şəxsə təşəkkürünü bildirib. O, çıxışı zamanı Azərbaycanda müasir medianın inkişaf tarixi və dialoqların önəmi ilə bağlı bir sıra məsələlərə toxunub.

Hikmət Hacıyev vurğulayıb ki, cənab Prezidentin media nümayəndələri ilə görüşü çox əlamətdar hadisədir və bu görüş müasir medianın inkişafının bariz nümunəsi kimi qiymətləndirilə bilər.

Daha sonra forumun ikinci gününün birinci paneli başlayıb. Panelin mövzusu “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” olub. Panelin moderatoru Andrea Sanke, çıxışçılar isə Fernando Soares (Euronews kanalının aparat rəhbəri), Alexandru Giboi (Baş katib), Aina Zadanek (İdarə heyətinin sədri) və Qubai Shahbandar (Anews kanalının müxbiri) olublar.