Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət “OmicsTweezer” hazırlayıblar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. “OmicsTweezer” bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir.
Tədqiqatın nəticələri “Cell Genomics” jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq Sia qeyd edir: “Şiş mikromühiti, yəni şişin ətrafında olan hüceyrə mühiti şişin inkişafı və xəstəlik nəticələrinin formalaşmasında mühüm rol oynayır. Məqsədimiz toplu məlumatlardan istifadə etməklə bu mikromühitin hüceyrə tərkibini daha dəqiq aşkara çıxarmaqdır”.
Ənənəvi yanaşmalarda alimlər təkhüceyrəli texnologiyalarla əldə olunan məlumatları daha sadə xətti modellərlə təhlil etməyə çalışırlar. Lakin bu zaman “paket effekti” adlanan uyğunsuzluq müşahidə olunur, yəni tək hüceyrədən və bütöv toxumadan alınan məlumatlar uyğun gəlmir, bu da nəticələrin etibarlılığına mənfi təsir göstərir. “OmicsTweezer” isə tək hüceyrə səviyyəsində əldə olunan nümunələri bütöv toxuma nümunələrindən əldə edilən daha mürəkkəb məlumatlarla uyğunlaşdırır. Bu uyğunlaşdırma, hər iki məlumat növünü eyni rəqəmsal məkanda birləşdirməklə baş verir. Beləliklə, məlumat toplama üsullarından qaynaqlanan fərqlər azaldılır və daha etibarlı nəticələr əldə olunur.
Yeni alət həm simulyasiya edilmiş verilənlərdə, həm də prostat və bağırsaq xərçəngi olan xəstələrdən götürülmüş real toxuma nümunələrində sınaqdan keçirilib. Alət vasitəsilə hüceyrə alt tipləri və xəstələr arasında fərqlənən hüceyrə populyasiyalarının dəyişiklikləri uğurla müəyyən edilib. Bu isə gələcəkdə potensial terapevtik hədəflərin müəyyənləşdirilməsində tədqiqatçılara kömək edə bilər.