150 yaşını qeyd edən Azərbaycan mətbuatı güclü inkişaf yolu keçib.
SİA-nın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri Ramiliya Əliyeva bildirib.
O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizdə baş verən hadisələri böyük maraqla izləyirlər. “Media işçisi olaraq, Azərbaycan xəbərlərini izləyirəm. Xüsusilə, Azərbaycandakı hadisələrlə bağlı xəbərlərə AZƏRTAC-da baxıram. Azərbaycan Dövlət İnformasiya Agentliyi 105 illik fəaliyyəti dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb. AZƏRTAC-ın yaydığı məlumatlar həmişə obyektiv və düzgün olur”, – deyə R.Əliyeva vurğulayıb.
O deyib ki, indi dünyada süni intellekt vasitəsilə saxta xəbərlərin hazırlanmasına tez-tez rast gəlinir. Ona görə də peşəkar səviyyədə hazırlanmış, dəqiq və obyektiv məlumatların izlənilməsi vacibdir. “Azərbaycanda baş verən hadisələrdən xəbərdar olmaq üçün AZƏRTAC əvəzsiz mənbədir. Buna görə də düşünürəm ki, AZƏRTAC-ın işi yalnız Azərbaycanda yaşayanlar üçün deyil, bütün dünyada Azərbaycanla maraqlanan hər kəs üçün çox önəmlidir”, - deyə o diqqətə çatdırıb.