Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının demoqrafik mənzərəsinə həsr olunmuş yeni elmi nəşr – “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” monoqrafiyası çapdan çıxıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, monoqrafiyanın müəllifləri Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, eləcə də institutun böyük elmi işçiləri – Zemfira Rəhimova və Minarə Manaflıdır.
Kitabın elmi redaktorları – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov və iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədov, rəyçiləri isə institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və iqtisad üzrə fəlsəfə doktoru Səbinə Abbasovadır.
Monoqrafiyada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə statistik, inzibati, elmi və açıq rəsmi informasiya mənbələri əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixən yaşamış əzəli əhalinin kompleks demoqrafik analizi aparılıb. Otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə baş vermiş insan itkilərinin miqyası, səbəbləri və demoqrafik fəsadları araşdırılıb, məcburi kütləvi miqrasiyaya məruz qalmış populyasiyanın demoqrafik dinamikasında baş vermiş meyillər və mövcud vəziyyət müəyyənləşdirilib, demoqrafik fəsadların ölkənin ümumi əhalisinə təsirləri və xarakteri tədqiq edilib.
Tarixi nöqteyi-nəzərdən Qarabağ əhalisinin təbii etnodemoqrafik dinamikasının transformasiyasını şərtləndirən səbəb-nəticə əlaqələri və süni etnodemoqrafik profilinin formalaşmasına təsir edən amillər təhlil olunub, iki əsr ərzində bölgənin erməni və azərbaycanlı əhalisinin sayının dəyişmə tendensiyalarını əks etdirən tarixi zaman sırasının vizuallaşdırılması üçün metodiki yanaşma təklif edilib, vahid beynəlxalq statistik verilənlər bazaları əsasında Azərbaycan və Ermənistan əhalisinin müasir demoqrafik vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili aparılıb. İşğal dövrünün səbəb olduğu demoqrafik fəsadlar, o cümlədən kütləvi miqrasiya və müvəqqəti məskunlaşma problemləri nəzərdən keçirilib, ən faciəli demoqrafik nəticə olan insan itkiləri tədqiqatda öz əksini tapıb, beş mərhələli xronoloji çərçivə üzrə sistemləşdirilib, münaqişənin aktiv və passiv fazalarını əhatə edən zaman intervalları üzrə baş vermiş demoqrafik itkilər analiz olunub. Qarabağ və Şərqi Zəngəzurun əzəli əhalisinin demoqrafik və tibbi-demoqrafik hadisələr və onların proyeksiyaları üzrə 30 illik dinamikasının müfəssəl təhlili aparılıb, mövcud demoqrafik situasiya qiymətləndirilib.
Yeddi fəsildən ibarət monoqrafiya ölkənin, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının demoqrafik aspektlərinə dair elmi əsaslandırılmış məlumatların əldə edilməsində maraqlı olan dövlət qurumlarının mütəxəssisləri, elmi işçilər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.