Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işlər başlayıb...

18 İyul 2025 20:24 (UTC+04:00)

...Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı “yarı tədbirlər”lə kifayətlənməyi planlaşdırmır. Artıq 19-cu sanksiyalar paketi üzərində iş başlanıb.

SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsaxnaya istinadən bildirib.

Tsaxnaya görə, 18-ci məhdudiyyətlər paketi Avropanın yorulmaz və qətiyyətli olduğunu nümayiş etdirir.

...Avropa İttifaqı qəsdən və ardıcıl olaraq Rusiya üçün təcavüzün qiymətini artırır. Rusiya neft satışından əldə etdiyi hər avro onun Ukraynada axan qanını maliyyələşdirir. Bizim məqsədimiz bu maliyyə mənbələrini kəsməkdir, - o əlavə edib.

Nazirin qeyd etdiyi kimi, Rusiya Federasiyası başa düşməlidir ki, beynəlxalq hüququ pozan və suveren dövlətlərə hücum edən ölkəyə beynəlxalq arenada yer yoxdur və buna görə də Avropa İttifaqı terrorçu ölkə başlatdığı müharibəyə görə cavab verməyincə dayanmayacaq. O əlavə edib ki, yeni sanksiyalar paketi üzərində iş artıq başlayıb.

...Biz yarım ölçü ilə kifayətlənməyəcəyik. Hər yeni paket mesajımızı gücləndirir: Ukrayna tək deyil və Rusiya cəzasız qalmayacaq, - nazir deyib.

Əli Babayev