2025-ci ilin yanvar-iyun ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4675 cinayət faktı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 1484-ü narkotik vasitələrin qanunsuz satışı, 3092-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 702 kq 002,105 qramını marixuana, 226 kq 593,65 qramını heroin, 87kq 643,147 qramını tiryək, 42kq 920,438 qramını həşiş, 134 kq 254,227 qramını digər narkotik vasitələr və 96 kq 633,231 qramını psixotrop maddələr təşkil etmişdir.
Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 12222 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.