"Biz prosesdə sadəcə müşahidəçi deyil, aktiv iştirakçı kimi çıxış edirik" - MÜNASİBƏT BİLDİRİLDİ

18 İyul 2025 14:45 (UTC+04:00)

“Sunikdəki yolun bir sıra ölkələrin marağında olması məqsədyönlü şəkildə formalaşdırılmış və strateji baxımdan əhəmiyyət daşıyan bir yanaşma idi. Əlbəttə, cəmiyyətin bütün təbəqələri bu istiqamətə eyni dərəcədə maraq göstərmir. Fərqli sosial qrupların, fərdi baxışların və maraqların olması bu halı şərtləndirir. Lakin bizim üçün bu istiqamət həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətlidir. Çünki bu yanaşma müxtəlif sahələrdə — istər sosial, istər iqtisadi, istərsə də mədəni müstəvidə iştirak etdiyimiz proseslərlə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafa sözlərinə belə davam edib: “Burada diqqət çəkən məqam Çinin də yolu şirkət vasitəsi ilə idarə etmək istəyidir. İlk dəfədir bu, rəsmi səviyyədə qeyd edilir. Bu səbəbdən də biz bu strategiyanı yalnız daxili məqsədlərlə məhdudlaşdırmadıq, əksinə, onu ictimaiyyətə təqdim etməyi və ümumi müzakirəyə açmağı zəruri hesab etdik. Məqsədimiz cəmiyyətin bu istiqamətdə məlumatlandırılması və prosesə mümkün qədər geniş dəstəyin təmin olunması idi. Biz bu yanaşmanı təkcə nümayiş etdirməklə kifayətlənmədik, eyni zamanda onun prinsiplərini və nəticələrini açıq şəkildə göstərməyə çalışdıq.

Bütün bunlar göstərir ki, biz bu prosesdə sadəcə müşahidəçi deyil, aktiv iştirakçı kimi çıxış edirik. Bəzi fərdlərin bu istiqamətə maraq göstərməməsi təbiidir, lakin bu, onun əhəmiyyətini azaltmır. Əksinə, bu cür yanaşmalar uzunmüddətli perspektivdə cəmiyyətin inkişafına töhfə verə biləcək əsaslı addımların atılmasına zəmin yaradır”.

Ayşən Vəli