İxtisas seçimi zamanı diqqət edilməli məqamlar BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

18 İyul 2025 11:34 (UTC+04:00)

“İxtisas seçimi ali təhsil sisteminin ən həssas mərhələlərindən biridir və bu mərhələdə verilən qərarlar gəncin yalnız universitetdəki təhsil dövrünü deyil, bütöv həyat yolunu müəyyənləşdirir. Təəssüf ki, Azərbaycanda bu proses hələ də planlaşdırılmamış, təsadüfi və bəzən emosional qərarlar üzərində qurulur. Bilik səviyyəsi ilə real bacarıqlar arasında əlaqə qurulmur, qəbul planı əmək bazarının ehtiyaclarına uyğun tənzimlənmir, şagirdlərə peşə yönümlü təlimlər keçilmir və ən əsası, dövlət bu prosesə marifləndirici, strateji və dəstəkləyici müdaxilə etmir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Mövcud qanunvericilik çərçivəsində ixtisas seçiminin əsasını ali məktəblərin qəbul planı təşkil edir. “Təhsil haqqında” Qanunun 13.2.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrinin qəbul planı əmək bazarının tələbatı nəzərə alınmaqla hazırlanmalıdır. Lakin faktiki vəziyyət göstərir ki, qəbul planları çox zaman əvvəlki illərin statistikası, universitetlərin daxili maraqları və ya texniki kvotalar üzərində qurulur. Əmək bazarının proqnozları, regional inkişaf prioritetləri, yeni texnoloji tendensiyalar nəzərə alınmır. Nəticədə, hər il yüzlərlə tələbə əmək bazarında tələbat olmayan, gəliri aşağı olan, sosial statusu zəif olan sahələrə yönəlir və dörd il sonra işsiz məzunlar ordusuna qoşulur.

2023-cü ilin rəsmi statistikalarına görə, ali məktəb məzunlarının yalnız 61%-i birinci il ərzində ixtisası üzrə iş tapa bilib. Bu, ali təhsilin nəticə və effektivlik göstəricilərinin zəif olduğunu göstərir. Həmçinin, Dövlət İmtahan Mərkəzinin qəbul statistikalarında da müşahidə olunur ki, bəzi ixtisaslara qəbul olan abituriyentlərin orta balı çox aşağıdır. Bu isə həmin sahələrə marağın və hazırlıq səviyyəsinin zəif olduğunu göstərir. Məsələn, kənd təsərrüfatı, tarix, coğrafiya, ekologiya, kitabxanaçılıq kimi sahələr üzrə yüzlərlə ödənişli yer boş qalır və yalnız minimal balla dolur. Bu, həm planlaşdırmanın qeyri-effektivliyini, həm də abituriyentlərin ixtisas seçiminin məqsədyönlü olmadığını göstərir.

Müsbət tərəf ondan ibarətdir ki, informasiya texnologiyaları, tibb, beynəlxalq münasibətlər, maliyyə və logistika kimi sahələrə maraq yüksəkdir və bu ixtisaslar üzrə qəbul planı tam dolur, bəzən isə tələbat plandan artıq olur. Bu onu göstərir ki, abituriyentlər də müəyyən dərəcədə əmək bazarındakı real vəziyyəti müşahidə edir və seçimlərini həmin istiqamətə yönəldirlər. Lakin burada da sistemli yönləndirmə yoxdur – bu daha çox şəxsi müşahidə, ailə təzyiqi və ya sosial şəbəkə təsiri ilə formalaşır.

Dünya təcrübəsində ixtisas seçimi məktəb səviyyəsində başlayır. Məsələn, Almaniyada şagirdlər 10-cu sinifdən sonra fərqli peşə istiqamətlərinə yönəldilir. Onlara peşə seçimi ilə bağlı testlər keçirilir, psixoloji dəstək verilir, real sektorda təcrübə keçmək imkanı yaradılır. Finlandiyada isə hər məktəbdə peşə-oriyentasiya mərkəzləri fəaliyyət göstərir və şagirdlərin təlim profili maraqlarına və bacarıqlarına uyğun tənzimlənir. ABŞ-da “college counseling” institutu məktəblərlə sıx inteqrasiya olunub və hər bir şagirdə fərdi karyera planı hazırlanır. Azərbaycanda isə nə məktəbdə peşəyönümlü dəstək var, nə də DİM və Elm və Təhsil Nazirliyinin bu sahədə işlək və təsirli mexanizmi mövcuddur.

Elm və Təhsil Nazirliyi ixtisas seçimi prosesini planlamır, idarə etmir və monitorinq aparmır. Qəbul planı universitetlərin təqdim etdiyi göstəricilər əsasında formalaşır və onun əmək bazarına uyğunluğu qiymətləndirilmir. Nazirliyin bu istiqamətdə nə illik hesabatı, nə də proqnozlaşdırma sənədi mövcuddur. Nə qədər ki, nazirlik bu məsələni prioritet saymır, nə qədər ki, ali təhsilin əsas göstəricisi olan “işlə təminat faizi” ilə maraqlanmır, heç bir keyfiyyətli nəticədən danışmaq mümkün deyil.

Dəyişiklik üçün ilk növbədə məktəbdaxili peşəyönümlü xidmət sistemi qurulmalıdır. Abituriyentlər 9-11-ci siniflərdə peşə-oriyentasiya testlərindən keçməli, ixtisaslar haqqında video və praktiki təlimlərdə iştirak etməlidirlər. İkinci mərhələdə qəbul planı əmək bazarı və sosial-iqtisadi strategiya ilə uzlaşdırılmalıdır. Hansı regionda hansı sahəyə ehtiyac varsa, qəbul planı da ona uyğun verilməlidir. Üçüncü vacib istiqamət isə ixtisas seçimi dövründə abituriyentlər üçün virtual və fiziki “Karyera Mərkəzləri”nin fəaliyyətidir. Bu mərkəzlər məlumatlı, elmi əsaslı və fərdiləşdirilmiş məsləhətlər təqdim etməlidir.

Əgər bu dəyişikliklər həyata keçirilməzsə, növbəti illərdə də minlərlə gənc yanlış ixtisaslara yönələcək, universitetləri yalnız “diplom almaq üçün” oxuyacaq, ali təhsil dövlət üçün iqtisadi yükə çevriləcək. İxtisas seçimi plan, proqnoz və maarifləndirmə tələb edir – hazırkı reallıqda isə bu üç sahənin heç biri mövcud deyil. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətsizliyi yalnız texniki deyil, strateji səhvdir və gənc nəslin gələcəyini risk altına atır”.

Ayşən Vəli