Penitensiar xidmətdə birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

17 İyul 2025 17:19 (UTC+04:00)

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2025-ci ilin birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Bu barədə SİA-ya Xidmətdən məlumat verilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıq və tövsiyələrinə əsasən ötən dövrdə qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi, o cümlədən infrastrukturun yenilənməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Daha sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzindəki fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edib, tabe qurumların rəhbərlərinin məruzələri dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.