"“Fast food" mədəniyyəti son illərdə dünyada olduğu kimi Azərbaycanda da geniş yayılıb. Əlçatanlıq, sürətli hazırlanma və ucuz qiymət bu qidaları xüsusilə gənclər və şəhər əhalisi arasında populyarlaşdırıb". Bu sözləri Qida təhlükəsizliyi Hərakatının rəhbəri, sağlam qida mütəxəssisi Məhsəti Hüseynova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu tendensiyanın uzunmüddətli nəticələri həm sağlamlıq, həm də yerli mətbəx mədəniyyəti baxımından ciddi narahatlıq doğurur: ""Fast food"un artan populyarlığı yerli və ənənəvi yeməklərə olan marağın azalmasına səbəb olur. Bu gün bir çox gənc dolma, düşbərə, qutab və ya bozbaş kimi milli yeməkləri nadir hallarda yeyir və ya ümumiyyətlə tanımır. Halbuki bu yeməklər təkcə qida deyil, həm də xalqımızın tarixi, coğrafiyası və yaşam tərzi ilə bağlı mühüm mədəni irsdir. Digər tərəfdən, "fast food" məhsullarında tez-tez yüksək doymuş yağlar, şəkər və duz miqdarı olur ki, bu da piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi problemlərin artmasına yol aça bilər. Bu baxımdan həm sağlamlıq, həm də qida mədəniyyətimizin gələcəyi üçün balanslı yanaşma çox vacibdir.
Ən optimal həll yolu isə "fast food"un tamamilə rədd edilməsi deyil, onun yerli və sağlam alternativlərlə əvəzlənməsi, həm də gənc nəslə milli mətbəximizin dəyərini aşılamasıdır. Yerli restoranların və ictimai təşəbbüslərin milli yeməkləri müasir və praktik formada təqdim etməsi bu baxımdan əhəmiyyətli ola bilər".