Rusiya “Taliban”ı niyə tanıdı..?

16 İyul 2025 00:45 (UTC+04:00)

...Bölgədə qeyri-sabitliyin artması fonunda Rusiya ideologiya üzərində praqmatizmə üstünlük verərək Əfqanıstanda “Taliban”ın hakimiyyətini rəsmən tanıyıb.

ABŞ qoşunlarının 2021-ci ildə çıxarılmasından sonra Moskva Mərkəzi və Cənubi Asiyadakı mövqelərini gücləndirmək ümidi ilə yaranan təsir boşluğunu fəal şəkildə doldurur.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu “The National Interest” yazır.

Tanınma uzun müddət davam edən dialoqun məntiqi davamı idi: hələ aprel ayında Rusiya Taliban hərəkatını terror təşkilatları siyahısından çıxarmışdı.

İndi Moskvadakı Əfqanıstan səfirliyi üzərində İslam Əmirliyinin ağ və qara bayrağı dalğalanır.

Əsas motiv təhlükəsizlikdir.

İŞİD və Əl-Qaidədən fərqli olaraq, “Taliban” Rusiyaya qarşı hücumlar həyata keçirməyib. Moskva üçün əsas təhlükə İŞİD-Xorasan qruplaşmasının, xüsusən də Tacikistandan olan miqrantlar arasında fəaliyyətidir.

2024-cü ildə Crocus City Hall-da törədilən terror aktında məhz bu ölkənin yerli sakinləri iştirak ediblər.(?)

Bundan əlavə, Əfqanıstan Rusiya, Mərkəzi Asiya, Pakistan və Hind okeanı arasında ticarət və enerji üçün tranzit mərkəzə çevrilə bilər. Münasibətlərin rəsmiləşdirilməsi dəmir yolundan tutmuş kənd təsərrüfatına qədər infrastruktur və iqtisadi layihələrə çıxış açır.

Tənqidçilər Rusiyanı qadın hüquqlarına məhəl qoymamaqda və avtoritarizmi dəstəkləməkdə ittiham edirlər.

Əli Babayev